Bu gün Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatının (AÇ-2024) həlledici – final qarşılaşması keçiriləcək.
Arena.az xəbər verir ki, Avropa çempionu olmaq uğrunda İspaniya və İngiltərə yığmaları mübarizə aparacaqlar.
Bu, İspaniya yığmasının Avropa çempionatlarında sayca beşinci finalıdır. Sözügedən komanda bir dəfə (AÇ-1984) finalda uduzsa da, üç dəfə (AÇ-1964, AÇ-2008 və AÇ-2012) qalib olub. Yeri gəlmişkən, İspaniya yığmsı Almaniya millisi ilə birgə ən çox (3 dəfə) Avropa çempionu olmuş iki komandadan biridir. İspanlar bu gün də qalib gəlsələr, o zaman mütləq rekordçu olacaqlar.
İngiltərə yığması isə indiyə qədər heç vaxt Avropa çempionu ola bilməyib. Bu üzdən də britaniyalılar tarixi uğura imza atmaq üçün çalışacaqlar. Bu, ingilislərin tarixində Avropa çempionatlarında ikinci final görüşüdür. Bu komanda AÇ-2020-də finala yüksəlsə də, İtaliya yığmasına məğlub olaraq gümüş medallarla kifayətlənmişdi.
Final ərəfəsində İngiltərə yığmasında heç bir itkinin olmaması diqqət çəkir. İspaniya millisində isə Pedri və Ayoze Peresin zədə səbəbindən həlledici oyunda iştirakı gözlənilmir.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Avropa çempionatının final qarşılaşmasını Fransadan olan Fransua Leteksye idarə edəcək.
Xatırladaq ki, bundan əvvəlki Avropa çempionatının (AÇ-2020) qalibi İtaliya yığmasıdır. Lakin sözügedən komanda Almaniyadakı qitə birinciliyində İsveçrə yığması ilə 1/8 final matçından məğlub ayrılaraq (0:2) mübarizəni dayandırmalı olmuşdu.
AÇ-2024
Final
14 iyul
23:00. İspaniya – İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.


