Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-ci turuna start verilib.
Arena.az xəbər verir ki, 10-cu oyun günündə 2 qarşılaşma baş tutub.
Əvvəlcə A qrupunda mübarizəyə yekun vurulub. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Şotlandiya millisi Macarıstanla, İsveçrə yığması isə ev sahibi Almaniya ilə üz-üzə gəlib. Müvafiq olaraq Ştutqart və Frankfurt şəhərlərində baş tutan bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 23:00-da) start verilib.
Qeyd edək ki, Almaniya yığması son turun nəticəsindən asılı olmayaraq, artıq 1/8 finala vəsiqə qazanmışdı. Bu üzdən də İsveçrə ilə oyun almanlar üçün tamamilə formal xarakter daşıyırdı. Qarşılaşmanın böyük hissəsi də elə İsveçrə yığmasının üstünlüyü şəraitində keçib. Lakin son saniyələrdə almanlar bərabərlik qolunu vurmağı bacarıblar. Nəticədə bu oyun “sülh”lə yekunlaşıb.
Şotlandiya – Macarıstan matçı isə pley-offa vəsiqə qazanmaq baxımından daha böyük önəm daşıyırdı. Bu görüşdə də əvvəlki oyunlarından xalsız ayrılmış macarlar qələbə qazanıblar.
Beləliklə, bu nəticələrdən sonra Almaniya yığması qrup birincisi olub. Qrupda ikinci yeri tutan İsveçrə yığması da 1/8 finala yüksəlib. Macarıstan yığması qrup üçüncüsü, Şotlandiya da sonuncu olub və qitə çempionatında mübarizəni dayandırıb.
Qeyd edək ki, qrup mərhələsində keçirdiyi ilk iki oyundan qalib ayrılmış İspaniya və Portuqaliya yığmaları da 1/8 finala vəsiqəni erkən təmin ediblər.
AÇ-2024
A qrupu
23 iyun
Şotlandiya – Macarıstan 0:1
Qol: Kevin Çobot, 90+10.
Baş hakim: Fakundo Telyo (Argentina).
Ştutqart. “MHP Arena”.
İsveçrə – Almaniya 1:1
Qollar: Dan Ndoye, 28 – Nikolas Fullkruq, 90+2.
Baş hakim: Danele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.
Xallar: Almaniya – 7. İsveçrə – 5. Macarıstan – 3. Şotlandiya – 1.


