AÇ-2024: Müharibə iki matçın təxirə salınmasına səbəb oldu

Futbol üzrə İsrail yğmasının Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində keçirəcəyi iki oyun təxirə salınıb.

Arena.az xəbər verir ki, İ qrupunda yer alan sözügedən komanda bu gün doğma meydanda İsveçrə millisi ilə qarşılaşmalı idi.

Lakin UEFA İsrail – İsveçrə oyununun noyabrın 15-də keçiriləcəyini açıqlayıb. Bu qarşılaşmanın harada təşkil olunacağı hələlik bəlli deyil.

UEFA bu gün İsrail millisinin AÇ-2024-ün seçmə mərhələsində daha bir oyununun təxirə salındığını bəyan edib. Avropa futbol qurumunun mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 15-də səfərdə Kosovo yığması ilə görüş baş tutmayacaq. Qarşılaşmanın yeni tarixinin yaxın zamanda açıqlanacağı vurğulanıb.

Xatırladaq ki, İsrail yığmasının oyunlarının təxirə salınmasına bu ölkənin hazırda müharibə şəraitində olması səbəb göstərilib. Oktyabrın 7-dən etibarən Fələstin və Livan ərazisindən bu ölkənin raket atəşinə tutulması nəticəsində ölənlər və yaralananlar var. Həmin gündən etibarən İsrail ordusu bu hücumlara qarşılıq verməklə məşğuldur. Bu üzdən UEFA nəinki əsas yığmaların, İsraildəki digər oyunların da təxirə salınmasına qərar verib.

6 turdan sonra İsrail yığması 11 xalla İ qrupunun turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Bu qrupa İsrail yığması ilə yanaşı İsveçrə, Rumıniya, Belarus və Andorra komandaları daxildir. Cari ilin sentyabrında israillilər belarusları məğlub ediblər (1:0), rumınlarla bərabərə qalıblar (1:1). Qrupun lideri isə 14 xal toplamış İsveçrə kollektividir. Rumıniya 12 xalla 2-cidir. Belarus və Kosovo 4, Andorra 2 xal toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: