Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində son səfər oyununa çıxıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi milli komandamız “Helsinqborq Arena”da İsveç yığması ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 21:00-da start götürmüş görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib. Səfərə zədə səbəbindən bir neçə əsas oyunçusuz yollanan millimiz arenaya təşrif buyuran həmvətənlərimizin dəstəyi ilə oyuna fəal başlayıb. Artıq 2-ci dəqiqədə rəqib 2 dəfə meydanın mərkəzinə dəvət olunub. Oktay Rüstəmli dubl edib. Hissənin ortalarında meydan sahibi komanda fərqi minimuma endirsə də, 12-ci dəqiqədə yenidən yığmamız qol vurub. Bu dəfə Rüstəm Bağırov millidə qol hesabını açıb. Düzdür, 15-ci dəqiqədə İsveç yenidən fərqi minimuma endirib. Halbuki fasiləyə qədər komandamız azı 2 dəfə də qol vurmaq imkanı qazanıb. İkinci hissəni daha çox müdafiədə keçirən futzalçılarımız hesabdakı üstünlüyünü 37-ci dəqiqədə əldən verib. Ardınca isə matçda ilk dəfə meydan sahibi komanda hesabda önə keçib. Beləcə, milli komandamız qrupdakı sonuncu səfər oyunundan da qələbəsiz ayrılıb.
Millimiz qrupda sonuncu oyununu aprelin 15-də, Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyuna saat 20:00-da start veriləcək.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 aprel
İsveç – Azərbaycan 4:3
Qollar: Fredrik Söderqvist, 10:23; 36:41. Petrit Zhubi, 14:59. Donat Qaşi, 38:03 – Oktay Rüstəmli, 1:07; 1:46. Rüstəm Bağırov, 11:50.
Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Ballinger (hamısı İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
Timekiper: George Jansizian (İsveç).
“Helsinqborq Arena”. Saat 21:00.
İsveç: 12. Martin Herlin, 9. Fredrik Söderqvist, 10. Petrit Zhubi (k), 13. Noraldin Azizi, 18. Hampus Furublad, 1. Tolqa Ayrancı, 2. İsmail Fazliya, 4. Viktor Mossberq, 7. Fehim Smayloviç, 8. Nima Kadivar, 11. Brayan Yohansson, 15. Qustav Ryadberq, 16. Donat Qaşi, 19. Haydar Beyan.
Baş məşqçi: Matiya Dulvat.
Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov, 2. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 11. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov.
Baş məşqçi: Vitali Borisov.
Xallar: Xorvatiya – 15. Yunanıstan – 7. İsveç – 4. Azərbaycan – 2.


