19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) əsas qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız bu gün Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.
Yığmamız bir gün əvvəl keçirilmiş Fransa ilə matçda 0:5 hesablı məğlubiyyətə üzülmüşdü. Həmin oyunun start “5-liy”ində cəmi bir dəyişiklik edən baş məşqçi İlqar Aslanov Kənan Rövşənin əvəzinə İlham Alıyevi ilk dəqiqədən meydana buraxmışdı. Rəqib baş məşqçi isə Yunanıstanla görüşdəki heyətlə oyuna başlayıb. Hansı ki, qrup oyunlarına ev sahibliyi edən bosniyalılar həmin görüşdə 3:1 hesablı qələbəyə sevinmişdilər.
Millimiz ikinci sınağında da ümidləri doğrultmayıb. Fasiləyə qədər 2 qol vuran Bosniya və Herseqovina futzalçıları üstünlüyünü ikinci hissədə də davam etdiriblər və qələbə qazanıblar. Turnirdə millimizin ilk qolunu Şahbaz Həndəmli vurub.
Bu gün baş tutan qrupun digər oyununda Fransa yığması Yunanıstandan güclü olub – 8:1. Azərbaycan millisi bu mərhələdə sonuncu oyununu martın 25-də, saat 20:00-da Yunanıstana qarşı keçirəcək.
AÇ-2023-ün əsas mərhələsi
5-ci qrup
23 mart
Bosniya və Herseqovina – Azərbaycan 4:1
Qollar: Slaven Ristiç, 12:45. Mario Kolobariç, 19:08. Srdan Katiç, 30:20. Alem Kadiç, 38:15 – Şahbaz Həndəmli, 37:36.
Hakimlər: Martin Koster (Danimarka), Nikola Manzione (İtaliya), Peter Nurse (İngiltərə).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardozo (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 23:00.
Bosniya və Herseqovina: 1. Kərim Salihoviç, 7. Alem Kadiç, 8. Miloş Todoriç (k), 9. Ahmed Kadiç, 10. Matey Krezo, 12. Denin Yukiç, 2. Anel Spreço, 3. Slaven Ristiç, 4. Srdan Katiç, 6. Vedad Subaşiç, 11. Mario Kolobariç, 14. Omar Omeroviç.
Baş məşqçi: İvo Krezo.
Azərbaycan: 12. Sadiq Quliyev, 6. Rüfət Məmmədli, 7. İlham Alıyev, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev, 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 9. Kənan Rövşəni, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli.
Baş məşqçi: İlqar Aslanov.


