Türkiyəli iş adamı, “Hall Siti”nin sahibi Acun Ilıcalı İrlandiyanın “Şelburn” futbol klubunun səhmlərinin çox hissəsini satın alıb.
Arena.az xəbər verir ki, o, bu barədə “Twitter”dəki hesabında paylaşım edib.
Acun hədəflərinin avrokuboklara vəsiqə qazanmaq, uğurlar əldə etmək və bir neçə istedadlı oyunçunu dünya futboluna qazandırmaq olduğunu vurğulayıb. Ilıcalı İrlandiya futboluna, klubun potensialına və azarkeşlərə tam inandıqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, türkiyəli iş adamı 2022-ci ilin yanvarında İngiltərənin “Hall Siti” klubunun da səhmlərini almışdı. Amma onun sahibi olduğu bu komanda Çempionşipdə heç də uğurlu çıxış etmir. “Hall Siti” geridə qalan mövsümü 58 xalla 15-ci pillədə başa vurub.
“Şelburn” isə İrlandiya Premyer Liqasında mübarizə aparır. Bu komanda hazırda davam edən 2023 mövsümündə 19 oyuna topladığı 29 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.