Monteneqro yığmasının və İtaliyanın “Latsio” klubunun müdafiəçisi Adam Maruşiç və ailəsi Serbiyada silahlı hücuma məruz qalıb.
Arena.az xəbər verir ki, bu barədə “Vijesti” dərgisi məlumat yayıb.
Son vaxtlarda futbol dünyasında idman adına yaraşmayan xoşagəlməz hadisələrin artımı müşahidə edilməkdədir. Adam Maruşiçin agenti Uroş Yankoviç AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Serbiya – Monteneqro oyunundan sonra yaşadıqları xoşagəlməz hadisədən danışıb.
Yankoviç deyib ki, restorandan çıxarkən bir dəstə silahlı şəxs ona və Maruşiçə hücum edib:
“Onlar mənim gicgahıma tapança ilə vurdular, Zvezdan Terziçin oğulları isə məni tapança ilə başıma və bədənimin həyati vacib hissələrinə vuraraq çılğıncasına döydülər. Yanaq sümüyüm və sol ayağım sınmışdı. Məni kliniki mərkəzə çatdırdılar və orada əməliyyat edildim.
Bizi bir neçə maşın mühasirəyə almışdı. Sürücüm hadisə yerini tərk etmək istəsə də, qarşı tərəfdən gələn avtomobil ona çırpıldı. Maşına minməyə belə macalım olmadı, arxadan hücuma məruz qaldım. Bir anda huşumu itirdim, onlar isə məni döyməyə davam etdilər…
Videoçəkilişlərdən aydın görünür ki, Terziçlər məni tapança ilə döyürdülər. O da aydındır ki, Kostadin Terziç silahı Maruşiçin başına və sinəsinə tuşlayırdı ki, onlar məni vəhşicəsinə döyərkən, mənə kömək etməsinə imkan verməsin. Onun anası, 60 yaşlı qadın itələnib və yaralanıb”, deyə Yankoviç bildirib.
“Srvena Zvezda”nın baş direktoru Zvezdan Terziçin oğulları Nikşa və Kostadin bu biabırçı hücuma görə həbs ediliblər.
Xatırladaq ki, oktyabrın 17-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində “G” qrupunun 8-ci turunun Serbiya və Monteneqro yığmaları arasında Belqradın “Rayko Mitiç” stadionunda keçirilmiş oyun serblərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


