Futbol üzrə Mali milli komandasının mərkəz hücumçusu Adama Niane bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Niane bu mövsümün sonuna kimi “sarı-göylər”in şərəfini qoruyacaq. Onunla 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Malili forvardın son klubu İranın “Nassaji Mazandaran” komandası olub. O, 2022-ci ilin iyulunda müqavilə bağladığı bu klubdan bu ilin iyul ayında ayrılıb və o vaxtdan bəri özünə yeni iş yeri axtarışında idi. Niane İran komandasının heyətində 26 oyun keçirsə də, qol vura bilməyib və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama “Nant”, “Trua”, “Soşo”, “Şarlerua”, “Dyunkerk” və “Ostende” kimi klublarda çıxış edib.
Adama Niane 7 oyunda Mali yığmasının da formasını geyinib. Amma o, bu görüşlərdə də fərqənə bilməyib.
Xatırladaq ki, “Kəpəz” bu yay Vurğun Hüseynov, Rüfət Əhmədov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Olavale Onanuqa, Vladislav Vasilyuçek, Vüsal Məsimov, Latir Fall, Şakir Seyidov, Georgi Papunaşvili, Ezekiel Morqan, İqor Rodriqes kimi futbolçuları heyətinə qatmışdı. Əvəzində Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev komandanı tərk edib. Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov, Mate Krivkviya və Elnur Cəfərovla isə yeni müqavilə imzalanıb.


