Adrian Mutu: “Beşiktaş”la oyunlar daha maraqlı olacaq”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasında “Jelezniar”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan Bosniya və Herseqovina təmsilçisi ilə oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi (ilk oyun 2:2) ilə başa çatıb.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında rumın mütəxəssis bunları söyləyib:

“İlk oyundakı heç-heçədən sonra bu gün doğma meydanda bu rəqibi üstələdiyimiz üçün sevinirəm. Ağır oyun oldu. Hər iki matçı yaxşı keçirdik. Növbəti mərhələyə adlamağa layiq idik. Hər şeyə əvvəldən başlamışıq. Hara kimi irəliləyəcəyimizi bilmirəm”.

Mutu növbəti mərhələdə Türkiyə klubu “Beşiktaş”la qarşılaşmağın daha maraqlı olacağını düşünür: “Beşiktaş” çox güclü rəqibdir. Onlarla üz-üzə gəlsək, çox maraqlı iki görüş olacaq. Amma əvvəlcə çempionatın ilk turunun görüşünü düşünürük”.

Baş məşqçi yeni hücumçu transferi üzərində çalışdıqlarını söyləyib: “Hazırda iki gənc hücumçumuz var. Amma rəqabətin artması üçün yeni hücumçu transfer etmək istəyirik. Bu, bir az zaman alan prosesdir”.

Mutu matçın gedişində zədələnən Azər Əliyev, həmçinin, yeni transfer Ervin Koffinin durumu barədə də məlumat verib: “Azər Əliyev hələ də xəstəxanadadır. Dirsəyindən zədə alıb. Ümid edirəm ki, tezliklə sağalacaq. Yeni transferimiz Koffi də zədəlidir. Buna baxmayaraq, bu gün komandamızla bir yerdə olmasını istədim. Həmçinin Qara Qarayev də bizimlə bir yerdə idi. Biz bir ailəyik”.

44 yaşlı mütəxəssis “Neftçi”nin yerli oyunçularından razılıqla danışıb: “Yerli oyunçulardan şikayət eləmək istəmirəm. Komandamızda çox güclü yerli futbolçular var. Verdiyim tapşırıqları yaxşı qavrayırlar, yerinə yetirməyə çalışırlar. Məqsədimiz titul qazanmaqdır. Amma bu, heç də asan deyil. Söz verə bilərəm ki, hər oyunda yüz faiz gücümüzü ortaya qoyacağıq”.

O, “Qarabağ”dan transfer edilən Qara Qarayevin vitse-kapitan olub-olmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: “Qara Qarayev çox yaxşı futbolçudur, Azərbaycan futbolu üçün önəmlidir. Hazırda kapitanımız var. Emin Mahmudovla Qara qardaş kimidirlər. Kapitanlıq sarğısını kimin daşımasının fərqi yoxdur”.

Qeyd edək ki, “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç uduzduqları oyundan sonrakı mətbuat konfransına qatılmaq istəməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: