“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasında “Beşiktaş”la cavab oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda İstanbul nəhəngi 3:1 hesablı qələbəyə sevinib.
Azərbaycan və Türkiyə təmsilçiləri arasındakı cavab görüşü sabah keçiriləcək. “Beşiktaş” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu gün isə oyundan öncə mətbuat konfransları baş tutub.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu əvvəlcə bunları söyləyib: “Bilirik ki, bizi çətin oyun gözləyir, amma Avropa Konfrans Liqasında bu cür görüşlər keçirmək çox yaxşı hissdir. Təbii ki, iki top fərqini aradan qaldırmalıyıq. Rəqibimiz çox güclü olsa da, sabah bunun öhdəsindən gəlməyə çalışacağıq”.
Daha sonra “Neftçi”nin müdafiəçisi Yuri Matias danışıb: “Çətin oyun olacaq. “Beşiktaş” güclü komandadır, amma bu cür rəqibə qarşı oynamaq xoşdur. Düşünürəm ki, futbolda hər şey mümkündür və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Braziliyalı futbolçunun jurnalistlərin suallarına cavabı belə olub: “İlk oyunda buraxdığımız qollar təkcə müdafiə xəttinin deyil, bütün komandanın səhvi idi. İkinci hissədə heç olmasa hesabı bərabərləşdirmək üçün yaratdığımız çoxsaylı qol epizodlarını da unutmaq olmaz. Təbii ki, buraxdığımız qollar ilk oyunun nəticəsini həll etdi. Səhvlərimizi dərk edirik və sabah səhvsiz oynamağa çalışacağıq”.
“İtirəcəyimiz heç nə yoxdur”
Daha sonra Mutu media nümayəndələrinin suallarını cavablandırıb: “Beşiktaş”la qarşılaşacağımız bilinəndə artıq bizi hesabdan silmişdilər. İlk oyunda məğlub olmağımıza baxmayaraq, futbolda hər şey mümkündür. Başa düşürük ki, iki top fərqini aradan qaldırmalıyıq. Sabahkı matçda azarkeşlərimizə və geyindiyimiz formanın rənglərinə hörmət əlaməti olaraq əlimizdən gələni edəcəyik. Adətən bu cür komandalarla Konfrans Liqasında yox, UEFA Çempionlar Liqasında qarşılaşmaq olur.
Zədəliləri çıxmaq şərtilə, demək olar, eyni heyətlə mübarizə aparacağıq. Heyətimiz geniş deyil, yeni transferlərin olacağı gözlənilir. İki cəbhədə mübarizə aparmaq üçün geniş heyətə malik olmaq lazımdır. Bu vəziyyətdən yaxşı şəkildə çıxmağa çalışırıq. Biz buradayıqsa, deməli, buraya qələbə qazanmaq üçün gəlmişik. “Səbail”lə oyundan sonra yalnız bərpa məşqinə vaxtımız olub. Buna görə də bu gün “Beşiktaş”la matça hazırlıq çərçivəsində ilk məşqə çıxacağıq. Vaxt qıtlığı olduğu üçün “Sabah”la oyuna da eyni qaydada hazırlaşacağıq.
Sabah “Beşiktaş”la ilk matçın ikinci hissəsində oynayan “Neftçi”ni görmək istəyirəm. Çalışacağıq öz üslubumuzda oynayaq. Seçdiyin üslubu yaxşılaşdırmaq istəyirsənsə, rəqibdən asılı olmayaraq eyni üslubda oynamağa davam etməlisən. Heyətimizdə o qədər də çox futbolçu yoxdur deyə, bu sual qarşısında mat qaldım. Elə bir məqam yaranıb ki, hansı heyətlə çıxış edəcəyimizi baxıb çözmək olar. Bizim də heyətimiz gələcəkdə “Beşiktaş”ın heyəti kimi geniş olsa, daha yaxşı çıxış edib, daha yaxşı nəticələr qazanarıq. Heyətdə gənc futbolçularımız çoxdur, amma iki top fərqini aradan qaldırmaq üçün əsasən təcrübəlilərdən istifadə etməliyik. Çox məqama nəzər yetirməliyik, heç də asan olmayacaq. Nəticədən asılı olmayaraq, var gücümüzü ortaya qoyacağıq. Köklənib istədiyimiz oyunu göstərə bilərik. İlk matçın ikinci hissəsində “Beşiktaş”a göstərdik ki, futbol oynaya bilirik. Rəqib bilməlidir ki, itirəcəyimiz heç nə yoxdur və diqqətli olmalıdır”.
Şenol Günəş: “Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır”
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş isə matçdan öncə təşkil olunmuş mətbuat konfransında bu fikirləri səsləndirib:
“Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum dərəcədə yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. “Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.


