“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Gözəl oyun idi. Hər iki komanda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Fikrimcə, bu gün bəxt və şans rəqib tərəfdə idi.
Start heyətdə meydan buraxdığımız futbolçular tapşırıqları yaxşı yerinə yetirdilər. Rəqibi öndə sıxmağın öhdəsindən gələ bilirdilər. Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə apardı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki, heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı”.
Adrian Mutu heyət seçimi ilə bağlı iradlara da münasibət bildirib:
“Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Massimiliano Alleqri “Yuventus”da 100-dən çox fərqli heyət meydana buraxıb, “Fiorentina”nın baş məşqçisi 85 fərqli “11-lik”lə oynayıb. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdır, onların haqqını yemək olmaz”.
“Sabah”ın məşqçisi Artur Olenin isə qələbə qazandıqları oyunla bağlı bunları dilə gətirib:
“Çox gərgin oyun oldu. İlk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci yarıda üstünlüyü ələ aldıq və qol vurduq. Bu qələbə bizim üçün çox önəmlidir. Bizə daha da inam verəcək. Fasilədə futbolçulara dəstək verdik. Dedik ki, çox şeylər edə bilərsiniz, meydana çıxın və oyunu həll edin. Bu qələbəni “Sabah” azarkeşlərinə həsr edirəm. Çalışacağıq ki, hər oyunda qalib gələk. Bu qələbə bizim üçün bir təkan olacaq.
Sofian Çakla növbəti oyunu buraxacaq. Təbii ki, onun yoxluğu məşqçilər korpusu olaraq bizi narahat edir. Amma bizim kifayət qədər keyfiyyətli oyunçularımız var”.


