Adrian Mutu: “Fiziki hazırlığımız ürəkaçan deyil”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 2-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin perioddur. “Səbail”lə oyunu təxirə salmaq gec idi. “Beşiktaş”la matçdan öncəki “Kəpəz”lə oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə “yox” cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin dövrü adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq.

Çoxlu enerji itirmişik. “Jelezniçar”la ev oyununda növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca səfərə getdik, Gəncədə uduzub qayıtdıq. “Beşiktaş”la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bu oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyirik. Komanda yaxşı toplanış keçməyib. Amma sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq.

“Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm”

Bu gün çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam epizodu qola çevirə bilmir, bu, məni özündən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdür. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər”.

Adrian Mutu yeni transfer Aaron Olanarenin artıq çəkisinin olduğuna dair fikirlərə də münasibət bildirib: “Onun artıq çəkisi yoxdur, sadəcə, bədən quruluşu belədir. Onu mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər “9 nömrə”miz yoxdur. Öncəki oyunlara nəzər yetirsəz, Andre Şinyaşiki və Filip Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq”.

Şahin Diniyev: “O epizodda penalti yox idi”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə heç-heçəni belə şərh edib:

“Çox gərgin oyun oldu. Hər iki komanda həm qalib gələ, həm də məğlub ola bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. Komandada 7-8 oyunçu ilk dəfədir bir yerdə oynayır. Futbolçuların uyğunlaşması üçün 5-6 matç vacibdir. Taktiki cəhətdən ağıllı oynamağa və ötən turdakı səhvləri etməməyə çalışdıq. Bir neçə qol vəziyyətindən istifadə etsəydik, yaxşı olardı. Hesab oyuna görə oldu. Asan qollar buraxırıq. “Neftçi” qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, dözdülər. Bir xal da qənimətdir. Bizim üçün başlanğıcdır. İrəli getməyə çalışacağıq.

İki oyundur ki, qapımıza penaltilər verilir. Kənardan baxırdım, penalti yox idi. Kenni Sayef açıq ayaqla topa getmişdi. Yenə də müdafiəçi cərimə medyançasında sadə oynamalıdır. Şikayət edəcəyikmi? Bu, nəyi dəyişəcək? Kimsə cərimə oluna bilər. Amma ötən matçda da belə oldu. Hakimlər səhv edə bilər. Burada simpatiya məsələsi var. Sayef cəriməni birinci etmişdi, topa açıq ayaqla getmişdi. Əks tərəfdə olsaydı, fərqli qərar veriləcəkdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: