“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. “Zirə” yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabər səviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularımı meydandakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən meydana sonradan çıxanların özlərini yaxşı tərəfdən göstərməsi oldu. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik.
Hücumçularımızın az qol vurmasına gəlincə, əlbəttə, bu, məni narazı salır. Amma onların meydandakı davranışından razıyam. Hər məşqçi istəyər ki, hücumçuları qollar vursun. Çünki onlar qollar vurmağa başlasalar, dərhal komandaya yaxşı təsir edər. İstəmirəm hər oyundan sonra təkrarlayım. Amma hazırkı vəziyyət belədir. Rəhman Hacıyev ən məhsuldar futbolçumuzdur, amma nominal hücumçu deyil. Söhbət 11 oyunçudan yox, “Neftçi”dən gedir. Hər bir futbolçu komandaya xeyir verməlidir. Oyunçularımın hamısına eyni gözlə baxıram. Futbolçu olanda da məşqçilər tərəfdən belə yanaşma görməmişəm”.
Adrian Mutu gənc qapıçı Rza Cəfərova yaratdığı şansdan, eləcə də Mark Tamaş və Kenni Sayefin son dövrlərdə az oynamasından da danışıb:
“Futbol elədir ki, şans gələndə, düzgün yararlanmaq lazımdır. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Növbəti matçlarda necə olacağını deyə bilmərəm. İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz ki, ilk onbirliyi seçəndə, çalışıram ki, ən yaxşılarını bura daxil edim. Mark və Sayef yaxşı məşq edirlər, komandanın bir hissəsidirlər. Məşqçi olaraq bu oyun üçün seçimim belə oldu. Rəhman tək qola görə yox, oyuna görə də məni sevindirdi. Biz bir komandayıq, fərq etmir kim 30 dəqiqə, kim az oynayır. Hamı komandaya xeyir verməyə çalışmalıdır. Hər oyunçu dərk etməlidir ki, biz bir komandayıq, bura “Neftçi”dir, heç kim özünə görə oynamır”.
“Oyuna nəzarət bizdə idi”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətini belə şərh edib:
“Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik. Bilirdik ki, qələbə bizə üstünlük yarada bilər. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət bizdə idi. Rəqibin yeganə təhlükəli epizodunda qol buraxdıq. Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görürük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nəticə əldə edə bilərik. Komandamın inkişafı məni sevindirir.
Hər komanda istəyər ki, heyətdə hər oyun fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Hazırda imkanımız ancaq buna çatır. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də birinci hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır.
Bu mövsüm nəticəyə təsir edən epizodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəqə epizodu var idi, orada qırmızı yox idi. “Qəbələ”də penaltimiz verilmədi. Amma hakimlərin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin yaxşılaşdığını düşünürəm”.


