“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasında “Jelezniçar”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Bosniya və Herseqovina təmsilçisi ilə səfər oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. “Jelezniçar”ın Minsk “Dinamo”su ilə matçına baxmışam, çox əzmkar komandadır. Bəzi oyunçularının fərdi üstünlüyü var. Əminliklə deyə bilərəm ki, bizə çox ağır olacaq. Amma biz Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik”.
44 yaşlı məşqçi qısa müddətdir “Neftçi”nin sükanı arxasına olmasına baxmayaraq, komandaya bələd olduğunu söyləyib: “10 gün ərzində hiss edirəm ki, oyunçular bütün tapşırıqlarımı həvəslə yerinə yetirirlər. “Fənərbaxça” və Moskva “Spartak”ı ilə matçlardakı çıxışı da təhlil etmişəm, komandamın meydanda necə hərəkət etdiyini görmüşəm. Yeni oyunçuların gəlişini də gözləyirik ki, kollektiv komplektləşsin və balans yaransın”.
Adrian Mutu Sarayevoda güclü azarkeş önündə çıxış etməyin komandası üçün çətin olmayacağını düşünür: “Çoxlu təcrübəli oyunçumuz var. Belə atmosferdə oynamağa öyrəşiblər. Düşünmürəm ki, azarkeş təzyiqinin onlara təsiri olsun. “Jelezniçar”ı öz meydanında azarkeşləri dəstəkləyəcək. Bu, yerli publika üçün şou kimi ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.
Baş məşqçi Serbiyanın “Partizan” klubuna keçən braziliyalı hücumçu Mateus Saldanyanın yoxluğunda ön xətdə problem yaşayacaqlarına inanmadığını vurğulayıb: “Saldanya artıq keçmişdə qalıb. Onun haqqında danışmağa ehtiyac yoxdur. Saldanyanın gedişindən sonra komandaya yeni hücumçu cəlb olunacaq. Hazırda danışıqlar gedir. Saldanyanın gedişi komandamıza daha çox motivasiya verməlidir. O olmadan da, oyunlara köklənib, yolumuza davam etməliyik”.
“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov da mətbuat konfransında iştirak edib. Millimizin də üzvü olan təcrübəli futbolçu uğurlu nəticəyə inandığını söyləyib: “Bizi çox ağır oyun gözləyir. Buna baxmayaraq, öz hədəfimiz var və bunun üçün mübarizə aparacağıq. Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.
Nermin Başiç: “Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur”
“Jelezniçar”ın baş məşqçisi Nermin Başiç də “Neftçi” ilə oyundan öncə jurnalistlərlə görüşüb. O, mətbuat konfransında bunları dilə gətirib:
“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Onlar 9 dəfə ölkələrində çempion olublar. Amma buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Yeni təyin olunsa da, Adrian Mutu hücum futbolunu sevir. Bu matça hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Rəqibimiz texniki cəhətdən mükəmməldir. Onların 7-8 milli üzvü var.
Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna baxmayaraq, pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.
“Jelezniçar”ın futbolçusu Suleyman Krpiç də güclü rəqiblə qarşılaşacaqlarını söyləyib: “Komandada ab-hava müsbətdir, baş məşqçi müsbət şeylər gətirib. Sabah qarşı tərəfdə bizi çox keyfiyyətli komanda gözləyir. Düşünürəm ki, meydana çıxaraq, 200 faiz gücümüzü ortaya qoymalıyıq”.
Sabah – iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


