Rumıniya yığmasının keçmiş cinah hücumçusu Adrian Mutu futbolçu ikən “Qızıl top”u qazanmaq imkanına malik olduğunu bildirib.
Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Hesab edirəm ki, bir mövsümdən artıq müddətdə mən dünyada ən yaxşı oyunçulardan biri idim. Odur ki, “Qızıl top”u asanlıqla qazana bilərdim. Amma səhv qərarım (“Çelsi”də ikən kokain qəbulu – redaktorun qeydi) mənim bunu etməyimə mane oldu”, deyə Mutu təəssüflə vurğulayıb.
Xatırladaq ki, Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Adrian Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib. O, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. Mutu 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu bir müddət Azərbaycanda məşqçi kimi fəaliyyət göstərib. Belə ki, o, 2023-cü ilin iyul ayında “Neftçi”yə baş məşqçi təyin olunub və paytaxt klubu ilə 2 illik müqavilə bağlayıb. “Neftçi” Mutunun rəhbərliyi altında bütövlükdə 23 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. 2023-cü ilin dekabrında isə o, “Neftçi”dən ayrılmağa qərar verib.
Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl-Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, Rumıniya, 2021), “Rapid” (Buxarest, Rumıniya, 2022-2023), ÇFR (Kluj, Rumıniya, 2024) və “Petrolul”da (Rumıniya, 2024-2025) baş məşqçi kimi çalışıb. 46 yaşlı mütəxəssis bu ayın 17-də “Petrolul”dan ayrılandan bəri işsizdir.


