Adrian Mutu: “Qarabağ” Azərbaycanda şou göstərir”

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Azərbaycan klubundan ayrıldıqdan bəri ilk dəfə Rumıniya mətbuatına açıqlama verib.

Arena.az xəbər verir ki, anasının vəfatından sonra özünü çox pis hiss etdiyini bildirən 44 yaşlı mütəxəssis toparlanmağa çalışdığını söyləyib:

“Ağrı böyükdür, qalır. Onu silmək mümkün deyil. Ay yarım çox çətin oldu. Anam komaya girəndə işlər daha da pisləşdi. Təxminən bir aydır ki, başqa insanam. Hər şeyi bir kənara qoymağa çalışıram. Məni dəstəklədikləri üçün ailəmə təşəkkür edirəm”.

O, hazırda bütün komandaların baş məşqçilərinin olduğunu, ancaq fevraldan etibarən karyerasını bərpa etmək barədə düşünəcəyini bildirib:

“Fevraldan mən də futbol haqqında düşünəcəyəm. Nəyin baş verə biləcəyini heç vaxt bilmirsən. İndi yalnız sakitləşmək barədə düşünürəm. Qış hazırlığı ilə məşğul olan komandaların isə məşqçiləri var”.

“Brilyant” ləqəbli mütəxəssis Buxarest “Rapid”inin yoxlama görüşündə “Sabah”a 1:2 hesabı ilə məğlub olmasını da dəyərləndirib: “Rapid”in “Sabah”la oyununun nəticəsi haqda oxumuşam. Həmin komanda Azərbaycanda 8-ci yerdədir”.

Mutu yarım mövsüm “sükanı arxasında” olduğu “Neftçi”dəki fəaliyyətinə də toxunub: “İkinci pillədəki komandadan 1 xal geri qalan “Neftçi” ilə 3-cü yerə yüksəlmişdim. Azərbaycan çempionatı güclüdür, balanslıdır, indi fərqləri görə bilirsən. Üstəlik, çempion olan “Qarabağ” şou göstərir və Avropa Liqasında çıxışını davam etdirir”.

Xatırladaq ki, Adrian Mutu 2023-cü ilin yayında “Neftçi”nin baş məşqçisi təyin edilsə də, ötən ilin dekabrında istefaya göndərilib. Onun paytaxt klubu ilə müqaviləsi dekabrın 24-də ləğv edilib. Mutunun əvəzində Monteneqrodan olan Miodraq Bojoviç “ağ-qaralar”ın baş məşqçi postuna gətirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: