Adrian Mutu: “Rəqib bu gün çox yaxşı müdafiə olundu”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis Bosniya və Herseqovina təmsilçisi ilə səfər matçındakı heç-heçə (2:2) barədə bunları söyləyib:

“Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım. Rəqibin gücünə bələd olduq. “Jelezniçar”ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu”.

Adrian Mutu bosniyalı azarkeşlərin arenada yaratdığı atmosferdən də söz açıb:

“Stadiondakı atmosfer fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar”.

“Neftçi”yə qarşı əsl döyüşçü kimi oynadıq”

“Jelezniçar”ın baş məşqçisi Nermin Başiç isə “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu belə şərh edib:

“Futbolçularımla fəxr edirəm. Rəqibə qarşı əsl döyüşçü kimi oynadılar. Son dəqiqələrdə buraxılan qola görə məyus olduq. Avropada müdafiə olunmağı öyrənmək üçün əziyyət çəkməlisən. Sonadək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm.

“Neftçi” texniki cəhətdən güclü komandadır. Amma onlara çox qol şansı vermədik. Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi”.

Xatırladaq ki, bu komandalar arasında cavab matçı avqustun 3-də Bakıda keçiriləcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya saat 21:00-da start veriləcək.

“Jelezniçar” – “Neftçi” cütünün qalibi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: