“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun idi. Aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi. Futbolçular oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu, mənim üçün çox vacibdir. Qapımızdan iki asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Göstərdilər ki, qalib gəlmək istəkləri var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər. Oyuna sonradan qoşulanların hamısı yaxşı idi. Kenni Sayef də verilən tapşırıqları yaxşı yerinə yetirdi”.
Adrian Mutu hazırda 3-cü pillədə olmalarına baxmayaraq, hədəflərinin daha üst sıralara çıxmaq olduğunu bəyan edib:
“Nəinki üçüncü, daha üst sıralara qalxmaq niyyətindəyik. Artıq mövsümün yarısı bitir. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. Qarşıda “Qarabağ”la çətin oyun var. Həmin derbidə də qalib gəlməyə çalışacağıq”.
“Bu gün ustalıq qalib gəldi”
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubuyyəti barədə bunları dilə gətirib:
“Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissənin 11-ci dəqiqəsində rəqib ilk dəfə cərimə meydançamıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. “Qəbələ” ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq.
Qışda komandadan kimlər göndəriləcək? Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır”.


