Adrian Mutu: “Xarakterli komanda qurmaq istəyirik”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasında Türkiyə nəhəngi “Beşiktaş”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıdan 3:1 hesablı qələbə ilə qayıdan İstanbul təmsilçisi doğma meydanda da 2:1 qalib gəlib.

Səfər matçından sonra baş tutan mətbuat konfransı Mutu əvvəlcə bunları söyləyib:

“Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqəni yaxşı keçirdik. Konfrans Liqasından kənarda qalsaq da, öz rənglərimiz uğrunda mübarizə apardıq. Bu gün də meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik. Xarakterli komanda yaratmaq istəyirik. Hətta şansın çox az olsa belə, klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, sona qədər mübarizə aparmalısan. İki oyun dörd hissədən ibarət oldu, bunun bir hissəsini biz qazandıq. Unutmayaq ki, bu matçlarda iştirak edə bilməyən Qara Qarayev kimi futbolçumuz var. Eddi İsrafilov, Ömər Buludov zədəli idi. Əlimizdə olan silahlarla mübarizə apardıq. Strategiyaya nəzər yetirsək, gücümüzdən səmərəli istifadə etdik. “Beşiktaş”ın ehtiyatında 12, bizim isə 5 futbolçumuz var idi ki, xidmətindən yararlana bilərdik. Oyunçu sayı az olmasına baxmayaraq, bura turist kimi gəlmədiyimizi göstərdik”.

Artıq avrokuboklarla vidalaşdıqlarını vurğulayan 44 yaşlı mütəxəssis bundan sonra çempionata daha rahat hazırlaşacaqlarını deyib: “Mövsümün startında oyunçularım çox yoruldular, enerji itirdilər. İndi istirahətə də vaxt ayırmağa çalışacağıq. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə qısa təlim-məşq toplanışı keçəcəyik. Bununla da çempionat görüşlərinə tamamilə köklənəcəyik”.

Adrian Mutu komandanın “sükanı arxası”nda olduğu 6 qarşılaşmanın cəmi birində qələbə qazanmalarına da münasibət bildirib: “Bunun təzyiqi komandanın yox, mənim üzərimdə olmalıdır. Yaxşı təlim-məşq toplanışı keçməmələri onların günahı deyil. Sadəcə, sakitləşməli və istədiyim şeylərə inanmalıdırlar. Onlar yaxşı formaya düşdükdən sonra fərqli “Neftçi” görəcəksiniz”.

Mutu “Beşiktaş”la görüşün ikinci hissəsində futbolçularda yorğunluq olduğunu etiraf edib: “Buna baxmayaraq, futbolçularımız bacardıqlarını ortaya qoydular, mübarizə apardılar. Əsl xarakter göstərdilər, hesabda geridönüş etməyə çalışdılar. 60-cı dəqiqədən sonra fiziki gücləri aşağı düşdü ki, bu da normaldır. Çoxlu səfərlər, oyunlar oldu, yorğunluq yarandı. Getdikcə daha yaxşı olacağıq”.

Şenol Günəş: “Səviyyə fərqi özünü göstərdi”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də matçdan sonra jurnalistlər önünə çıxıb. Təcrübəli mütəxəssis əvvəlcə bunları dilə gətirib:

“Bakıda ilk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Burada da nəzarət bizdə olsa da, hücumda effektli deyildik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə dominant olan tərəf biz idik. “Neftçi” yaxşı komandadır. Orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. “Neftçi”nin öz çempionatında getdikcə daha yaxşı olacağını düşünürəm. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var”.

71 yaşlı məşqçi bu mövsüm ilk dəfə hesabda geri düşdüklərini xatırladıb: “İsti havada oyun tempi normal idi. Sadə qol buraxdıq. Əskiklərimiz oldu. Rəqibə görə çıxış edirdik. Dəyişikliklərdən sonra səviyyə fərqi özünü göstərdi. İkinci hissədə yaxşı idik, amma bəzi bölümlərdə lazımsız hərəkətlər oldu. Ümumi baxımdan normaldır. 0:1 və ya 0:2-nin fərqi yoxdur. İstənilən halda eyni dəyişiklikləri edəcəkdim. Önəmli olan rəqibə az qol imkanı verməkdir. Əslində, standart vəziyyətdən yaxşıyıq. Amma bu gün az qala ikinci topu kornerdən buraxacaqdıq. Hesabda önə keçsəydik, başqa futbolçuları meydana buraxa bilərdim. Məsələn, Cenk Tosunu 10 dəqiqə oynatmağı düşünürdüm. Lakin sonradan risk etmək istəmədim”.

“Qara qartallar”ın çalışdırıcısı “Neftçi”də bəzi oyunçuları fərqləndirməyi də unutmayıb: “Filip Ozobiç yaxşı futbolçudur. Bu gün gözləniləndən zəif oynadı. Kilan Lebon texnikalı futbolçudur. Kenni Sayef də yaxşıdır. Emin Mahmudov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir, çox səviyyəli futbolçudur. Bildiyim qədərilə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”.

Təcrübəli mütəxəssis Azərbaycan klublarının əcnəbi transferlərinə daha çox üstünlük verdiklərini sözlərinə əlavə edib: “Qarabağ”, “Sabah” və “Neftçi” iddialı komandalardır. Azərbaycanda istedadlı futbolçular var, izlədiyim zaman görürəm. Komanda daxilində uyğunlaşma yaxşı olarsa, daha uğurlu nəticələr əldə edərlər. Azərbaycanda klublar çox transferlər edirlər. Son vaxtlar “Neftçi” daha çox oyunçu alır. Azərbaycan təmsilçiləri, xüsusən də, əcnəbilərə üstünlük verirlər. Bu, Azərbaycan millisinin zəifləməsinə səbəb ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: