“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyuna görə futbolçularımı təbrik etmək istəyirəm. Hakimlərin verdiyi sərt qərarlar oyunu gətirib bu yerə çıxardı. Penalti epizoduna baxdım, öz baxış bucağımdan deyə bilərəm ki, Yuri topa toxunur, sonra təbii hal olaraq rəqibə toxunur. Qaça bilməzdi. Penalti səhv qərardır. 7 oyunda qapımıza 3 penalti təyin olunub. Ardıcıl iki matçdır belə cəzalanırıq. Son iki oyunda qapımıza ancaq penaltidən qol vurulur, bu, məni narahat edir. Bu haqda ölçü götürülməlidir”.
Adrian Mutu azarkeşlərin komandaya cəlb olunan legionerlər barədə tənqidi fikirlərinə də münasibət bildirib:
“Azarkeşlərin sosial şəbəkələrdəki şərhləri haqda bir şey deyə bilmərəm. Bizi dəstəkləyən, bura gələn fanatlara təşəkkür edirəm. O azarkeşlər ki, hər zaman stadiona gəlirlər, bizi dəstəkləyirlər. Onlara deyə bilərəm ki, proses gedir, yeni komanda qurulur. Hamı başa düşməlidir ki, yeni oyunçular var, hərəsi bir ölkədən gəlib. Məsələn, Lukas Argentinadan gəlib. Azərbaycan və Argentina fərqli ölkələrdir. Bir az vaxt lazımdır ki, oyunçuların hamısını balanslaşdırım. Böyük layihədir, başa düşməliyik ki, istədiyimiz güclü “Neftçi”ni qurmaq üçün əzmkar iş görməliyik. İnanmaq lazımdır. Uğura qısa yolla gedib çıxmaq olmaz. Bəzən nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun. Bu azarkeşlər yaxşısına layiqdir. Ölkədə yeniyəm, amma “Neftçi” daha çox sevilməlidir. Xüsusən də mətbuatda. Uduzuruq, deyirlər komanda pis oynayır, uduruq deyirlər ki, Mutu Qara Qarayevlə mübahisə edib, dalaşıb. “Sumqayıt”la oyundan sonra mətbuatda məqalə çıxır ki, Qara Qarayevlə mübahisə etmişəm. Niyə belə edirlər? Uduzan digər komandalar da var, onlar haqda heç kəs heç nə yazmır”.
Rəşad Sadıqov: “Seleksiya işlərimizi tamamlaya bilməmişik”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə heç-heçəni belə şərh edib:
“Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potensialının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli “Neftçi” var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tiaqo Silva yaxşı çıxış etdi. Əzmkarlıq edib, vacib bir xal qazandıq.
Komandada çox mövqe güclənməlidir. Filipe Paxtman zədələnir, əvəzinə İlkin Muradovu buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filipe çox yaxşı çıxış etdi. Sadəcə, onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.
Transfer pəncərəsi bağlanıb, heç kimisə icarəyə də götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Yeqor Boqomolski üçün də “Neftçi”yə müraciət etmişdik. Sadəcə, onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiya işlərimizi tamamlaya bilməmişik”.


