AFFA Azərbaycanın avrokuboklardakı təmsilçilərinin üçünün də eyni gündə Bakıda meydana çıxmaması üçün UEFA-ya müraciət ünvanlayb.
AFFA-nın mətbuat xidmətindən Arena.az-a verilən məlumata görə, qitə futbol qurumu Azərbaycan tərəfinin istəyini təmin etməyib:
“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə – avqustun 10-da keçirilsin”.
Xatırladaq ki, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” avqustun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HJK komandasını qəbul edəcək. Həmin gün Avropa Konfrans Liqasındakı təmsilçimiz “Sabah” da Serbiya “Partizan”ı ilə Masazırdakı “Bank Respublika Arena”da üz-üzə gələcək.
Eyni gündə Konfrans Liqasındakı digər təmsilçimiz “Neftçi” də Türkiyə nəhəngi “Beşiktaş”la qarşılaşacaq. Püşkə əsasən Bakı klubu bu rəqiblə ilk matçını səfərdə keçirməli idi. Lakin UEFA absurd qərar qəbul edərək “Neftçi”nin də ilk oyununun yerini dəyişərək Bakıya saldı. Maraqlıdır ki, qitə futbol qurumundan bu qərarı həmin gün İstanbulda “Fənərbaxça”nın da ev oyununun olması ilə əsaslandırıblar.
Məhz bu absurd qərar ucbatından “Neftçi” də “Beşiktaş”la ilk matçını avqustun 10-da “Neftçi Arena”da keçirəcək. Bu oyuna saat 21:00-da start veriləcək. “Qarabağ”la “Sabah”ın ev oyunlarının start fiti isə saat 20:00-da səslənəcək. Bir sözlə, Azərbaycan paytaxtı ilk dəfə bir gündə, cəmi 3 saat ərzində 3 avrokubok matçına ev sahibliyi etmiş olacaq.
Bu, təşkilatçılıq, azarkeşlərin bütün oyunları canlı izləməsi, jurnalistlərin bu matçları daha yaxşı işıqlandırması baxımından problemlər yaratsa da, ümid edək ki, klublarımızın hər biri mərhələ keçməklə bütün çətinlikləri unutdurmuş olacaqlar.


