AFFA Samir Abasovu da bağışladı, “Sabah”ı da

AFFA İntizam Komitəsinin “Sumqayıt”ın baş məşqçisi Samir Abasova verdiyi 5 oyunluq cəza qərarı dəyişdirilib. Arena.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalının verdiyi qərarlarda qeyd olunub.

Bildirilib ki, “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilib. Belə ki, baş məşqçiyə verilən 5 matçlıq kənarlaşdırılma 3 oyun şərti tətbiq edilməklə 5 oyunluq cəza ilə əvəz edilib.

Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin olunub. Baş məşqçi sınaq müddəti ərzində yenidən İntizam Məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq olunacaq.

“Sumqayıt” klubu barəsində verilən 4000 AZN məbləğində cərimə cəzası isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində baş “Neftçi” ilə oyundakı davranışına görə belə sərt cəzaya məruz qalmışdı. O, oyunun rəsmi şəxsini təhqir etdiyinə görə 5 oyunluq cəzalanmış, “Sumqayıt” klubu isə 4000 manat cərimə edilmişdi.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun da şikayətini təmin edib. İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4000 manatlıq cərimə ləğv olunub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilmiş “Sabah” – “Qəbələ” (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib. Fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdilər.