Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 23-də qrup mərhələsinin sonuncu – 3-cü turunun növbəti oyunları keçirilib.
Bu gün daha dörd qarşılaşma baş tutub. Bununla da C və D qruplarında mübarizəyə yekun vurulub.
C qrupunda Qvineya ilə qarşılaşan Seneqal yığması bu dəfə də qalib gələrək pley-offa maksimum nəticəylə yüksəlib. Beş qolun qeydə alındığı Qambiya – Kamerun matçında isə sonuncular çətin qələbəyə seviniblər və qrup ikincisi olublar. Qvineya yığması da eyni xalla qrup üçüncüsü olub. Amma bu komandanın növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi qrup mərhələsinin yekununda müəyyənləşəcək.
D qrupunda Anqola yığması Burkina Faso ilə oyundan qalib ayrılmaqla pley-offa lider kimi yüksəlib. Burkina fasolular da ikinci yeri tutublar. Mavritaniya Əlcəzair yığmasına minimal hesabla qalib gəlsə də, üçüncü yeri tutub. Əlcəzair yığması nə qədər gözlənilməz olsa da, qrup sonuncusu kimi mübarizəni dayandırıb.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 3-cü tur
23 yanvar
C qrupu
Qvineya – Seneqal 0:2
Qollar: Sek, 61. Ndiaye, 90.
Qambiya – Kamerun 2:3
Qollar: Callou, 72. Kolli, 85 – Ekambi, 56. X.Qomes, 87-öz qapısına. Vu, 90+1.
Xallar: Seneqal – 9. Kamerun – 4. Qvineya – 4. Qambiya – 0.
D qrupu
Mavritaniya – Əlcəzair 1:0
Qol: Dellahi, 37.
Anqola – Burkina Faso 2:0
Qollar: Mabululu, 36. Zini, 90+2.
Xallar: Anqola – 7. Burkina Faso – 4. Mavritaniya – 3. Əlcəzair – 2.


