Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, fevralın 3-də 1/4 final mərhələsinin sonuncu iki oyunu baş tutub.
Üç qolun qeydə alındığı Mali – Kot-d’İvuar oyununda meydan sahibləri çətin və əzmkar qələbə sayəsində yarımfinala yüksəliblər.
Kabo Verde və Cənubi Afrika yığmaları arasındakı oyun da əlavə vaxta gedib. Həm əsas, həm də əlavə vaxtda qapılara qol vurulmadığından, oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan cənubiafrikalılar yarımfinala çıxıblar.
Kabo Verde yığmasının heyətində “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade də mübarizə aparıb. Oyunun əvvəlini ehtiyat oyunçular skamyasından izləyən futbolçu 65-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu – 5-ci penalti zərbəsini də Patrik yerinə yetirib. Lakin Andradenin vuruşunda rəqib qapıçı zərbəni dəf edib.
Afrika Millətlər Kuboku
1/4 final
2 fevral
Nigeriya – Anqola 1:0
Qol: Lukman, 41.
Konqo DR – Qvineya 3:1
Qollar: Mbemba, 27. Vissa, 65-pen. Masuaku, 82 – Bayo, 20-pen.
3 fevral
Mali – Kot-d’İvuar 1:2
Qollar: Nene, 71 – Adinqra, 90. Diakite, 120+2.
Kabo Verde – Cənubi Afrika 0:0 (penaltilər 1:2)
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq. Yarımfinal görüşləri fevralın 7-də keçiriləcək. Finala vəsiqə uğrunda aşağıdakı komandalar mübarizə aparacaqlar:
7 fevral
21:00. Nigeriya – Cənubi Afrika
00:00. Kot-d’İvuar – Konqo DR


