Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 22-də qrup mərhələsinin sonuncu – 3-cü turuna start verilib.
Bu gün dörd qarşılaşma baş tutub. Əvvəlcə, A qrupunda mübarizəyə yekun vurulub.
Çempionatın sürpriz komandası – Ekvatorial Qvineya bu dəfə meydan sahibi Kot-d’İvuara divan tutub. Sözügedən komanda iddialı rəqibini 4 cavabsız qolla məğlub edərək qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Qvineya Bisaunu çətinliklə üstələyən Nigeriya yığması da 7 xal toplayıb və ikinci yerlə pley-offa yüksəlib. Kot-d’İvuar yığması isə şansı gətirsə və ən yaxşı dörd qrup üçüncüsündən biri olsa, mübarizəni davam etdirəcək.
B qrupunda da mübarizəyə yekun vurulub. Bu qrupun son oyunlarında oxşar nəticə qeydə alınıb. Belə ki, Kabo Verde ilə Misirin, Mozambiklə də Qananın oyunlarında komandalar 2 qol vurub, 1 xalla kifayətləniblər. Bu nəticələrdən sonra Kabo Verde yığması qrup lideri kimi mərhələ adlayıb. Ardıcıl üç heç-heçə edən Misir yığması qrup ikincisi olub. Qana və Mozambik yığmaları üçün isə mübarizə bitib.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 3-cü tur
22 yanvar
A qrupu
Ekvatorial Qvineya – Kot-d’İvuar 4:0
Qollar: Nsue, 42; 75. Qanet, 73. Buyla, 88.
Qvineya Bisau – Nigeriya 0:1
Qol: Sanqante, 36-öz qapısına.
Xallar: Ekvatorial Qvineya – 7. Nigeriya – 7. Kot-d’İvuar – 3. Qvineya Bisau – 0.
B qrupu
Kabo Verde – Misir 2:2
Qollar: Bençimol, 45+1. Teyşeyra, 90+9 – Trezeqe, 50. M.Məhəmməd, 90+3.
Mozambik – Qana 2:2
Qollar: Katamo, 90+1-pen. Mandava, 90+4 – Ayyu, 15-pen; 70-pen.
Xallar: Kabo Verde – 7. Misir – 3. Qana – 2. Mozambik – 2.


