Afrika Millətlər Kuboku: Kot-d’İvuardan 3-cü zəfər!

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku başa çatıb.

Arena.az məlumat verir ki, bu gün həlledici görüş baş tutub.

Finalda ev sahibi Kot-d’İvuar yığması ilə Nigeriya millisi üz-üzə gəlib.

Həlledici oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanı hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıblar. İkinci hissədə isə Kot-d’İvuar millisi geridönüş edə bilib: 62-ci dəqiqədə “Əl-Əhli”nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib. 19 dəqiqə sonra isə Dortmund “Borussiya”sında çıxış edən Sebastyen Haller fərqlənərək yekun hesabı müəyyənləşdirib – 2:1.

Qalib komandanın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra verib.

Beləliklə, Kot-d’İvuar doğma divarlar arasında təşkil olunmuş Afrika Millətlər Kubokunun qalibi olub. Qərbi Afrika təmsilçisi tarixində üçüncü dəfə qitənin ən güclü komandası olub. Kot-d’İvuar millisi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb. Sözügedən komanda daha öncə 1992 və 2015-ci illərdə də Afrikanın ən güclüsü adına sahib çıxmışdı. Afrikanın ən çox çempion olan milli komandası isə Misirdir – 7 dəfə.

Daha öncə Cənubi Afrika yığması 3-cü yer uğrunda oyunda Konqo Demokratik Respublikasının milli komandasına qalib gələrək (0:0, penaltilər 6:5) bürünc medallara sahib çıxmışdı.

Xatırladaq ki, Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən 2023-cü ilin Afrika Millətlər Kuboku bu il yanvarın 13-də start götürmüşdü.

Xəbəri sosial şəbəkələrdə paylaş: