“Səbail” baş məşqçisi Aftandil Hacıyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Maraqlıdır ki, “Səbail”lə Hacıyev arasına mayın 13-də yeni müqavilə imzalanmışdı. Müqaviləyə əsasən 41 yaşlı mütəxəssis 2022/23 mövsümünün sonuna kimi bu komandadakı işini davam etdirməliydi. Lakin tərəflər arasında fikir ayrılığı yaşanıb və tərəflər vidalaşmaq qərarına gəliblər. Buna klub rəhbərliyinin vəd etdiyi büdcə artımından imtinası səbəb olub. Halbuki, Hacıyev bir neçə gün öncə jurnalistlərlə söhbətində yeni mövsüm üçün büdcənin artırılacağına söz verildiyini söyləmişdi.
Xatırladaq ki, Aftandil Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. “Dənizçilər” bununla həm də Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.
“Səbail” geridə qalan dörd mövsüm ərzində Aftandil Hacıyevin rəhbərliyi altında 111 oyuna çıxıb. Komanda bu görüşlərdə 30 qələbə qazanıb.


