“Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev təxminən 5 illik fasilədən sonra yenidən “Qarabağ” klubuna qayıdıb.
Arena.az xəbər verir ki, Ağdam klubunda həm futbolçu, həm də məşqçi kimi xidmətləri olmuş 41 yaşlı mütəxəssis bu dəfə “Qarabağ”a fərqli vəzifədə qayıdıb.
Belə ki, o, “Qarabağ” Futbol Akdemiyasına yeni koordinator təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Aftandil Hacıyevlə 3 illik müqavilə imzalanıb. Ona yeni işində uğurlar arzulanıb.
Xatırladaq ki, Aftandil Hacıyev futbolçu karyerası dövründə 2007-2011-ci illər aralığında “Qarabağ”ın formasını geyinib. 2015-ci ilin yayında isə o, Ağdam klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlamış və 2018-ci ilə qədər bu postda çalışmışdı. O, 2018-ci ilin yayında Ağdam klubundan ayrıldıqdan sonra “Səbail”in əsas komandasının baş məşqçisi təyin olunmuşdu. Hacıyev 2022-ci ilin mayında “dənizçilər”dən ayrılandan bəri işsiz idi.



