“Qəbələ”nin Nigeriyadan olan mərkəz yarımmüdafiəçisi Ahmed Ayzaya təxminən bir ay komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.
Hazırda bərpa prosesi keçən yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.
Xatırladaq ki, Ahmed Ayzaya ötən mövsümü “Kəpəz”in heyətində keçirib. O, bu komandanın heyətində 35 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nigeriyalı legioner Azərbaycan çempionatında “Zirə”də də çıxış edib – 13 oyun, 1 qol, 3 assist.
Bu mövsümdən “Qəbələ”də forma geyinən Ayzaya bu komandada hələlik 16 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq” (Kovilya) klublarında da çıxış edib.
Qeyd edək ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Qəbələ” 2024-cü ildəki ilk rəsmi oyununu yanvarın 23-də “Sumqayıt”a qarşı keçirəcək. Sözügedən komanda 18 turdan sonra 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


