“Qəbələ”nin zədəli futbolçularından biri – Ahmed Ayzaya nəhayət ki, tam sağalıb və komanda ilə məşqlərə başlayıb.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində sabah “Kəpəz”lə qarşılaşacaq Qəbələnin eyniadlı təmsilçisi bu oyuna hazırlığı başa vurub.
Əyalət təmsilçisinin heyətində yalnız bərpa prosesi keçən Klesio Bauk fərdi məşq edib. Digər futbolçular isə baş məşqçi Elmar Baxşıyevin sərəncamında olacaqlar. Hətta zədə səbəbindən yanvar ayından bəri komandaya kömək edə bilməyən Ahmed Ayzaya da artıq kollektivlə məşqlərə başlayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 24-cü tura sabah start veriləcək. Turun açılış oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Qəbələ” “Kəpəz”lə görüşəcək.
Bu qarşılaşma rəqiblər arasında 27-ci matç olacaq. İndiyədək keçirilən 26 oyunun hamısı Premyer Liqa çərçivəsində baş tutub. Əvvəlki görüşlərdə üstünlük “Qəbələ”nin tərəfindədir.
Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə ediblər və 7 dəfə meydandan xalsız ayrılıblar. 33 qol vuran “Qəbələ” 24 top buraxıb. Baqali Dabo və Filip Ozobiç “Kəpəz”in qapısına daha çox – hərəyə 3 qol vurublar.
Qəbələdəki oyunun meydan sahibi “Kəpəz” olacaq. Rəqiblər 14-cü dəfə Gəncə təmsilçisinin meydanında qarşılaşacaq. Əvvəlki 13 oyunda 5 qələbəsi olan “Qəbələ” 4 heç-heçə edib və 4 dəfə xalsız qalıb. Rəqib meydanında 17 dəfə fərqlənən “Qəbələ” futbolçuları 13 top buraxıblar. Son 5 səfər matçında qol vuran “Qəbələ” bu görüşlərdə uduzmayıb.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” matçına saat 17:00-da start veriləcək.


