“Qəbələ”nin Nigeriyadan olan mərkəz yarımmüdafiəçisi Ahmed Ayzaya “Araz-Naxçıvan”la kubok oyununda komandasına kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la ilk oyununun hazırlığını başa vurub. “Qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun köməkçi meydançasında məşq ediblər.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda toplu və topsuz çalışmaları yerinə yetirib.
Komanda üzvlərindən yalnız Ayzaya bu qarşılaşmanın hazırlığında iştirak etməyib. Yarımmüdafiəçi bərpa prosesi keçir. Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə almış Klesio Bauk isə fərdi məşqlərə başlayıb.
Sabah “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” matçına saat 16:00-da start veriləcək.
Maraq üçün xatırladaq ki, Ahmed Ayzaya bu qış toplanışı zamanı məhz “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə almışdı. Müayinələrdən sonra 28 yaşlı futbolçunun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşmişdi. Onun fevral ayının ortalarında sıraya dönməsi proqnozlaşdırılır.


