Aleksey Baqa: “Bunlar futbolçulara pis təsir edir”

Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 20-ci turunda “Keşləyə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, belaruslu mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:

“Növbəti dəfə rəqibə qol hədiyyə etdik və onların hesabda önə çıxmasına şərait yaratdıq. Qalan dəqiqələrdə isə vəziyyəti düzəltməyə çalışdıq. Təəssüf ki, 1 qoldan artığına gücümüz çatmadı. Çox bəhanə gətirmək olar. Amma əsas səbəb rəqib fərqlənmək imkanı yaratmağımızdır.

Komandadakı əsas problem psixoloji durumla bağlıdır. Həm turnir cədvəlindəki yerimiz, həm də digər amillər futbolçulara pis təsir edir. Psixoloji problem varsa, oyun planının heç bir önəmi yoxdur”.

Aleksey Baqa “Sumqayıt”a yeni gələndə səsləndirdiyi fikirlərin özünü sığortalamaq məqsədi daşımadığını bildirib:

“Ola bilsin ki, bəziləri düzgün başa düşməyib. Həmin şəxslərlə əlavə söhbət edə, fikirlərimi çatdıra bilərəm. Həmin fikirlərlə hazırkı uğursuz seriyanın heç bir bağlılığı yoxdur”.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov isə qələbəni əldən verdikləri matçla bağlı bunları dilə gətirib:

“Oyunun çətin olacağını başa düşürdük. “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq. Turnir cədvəlində istədiyimiz yerdə deyilik. Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: