Alexandro Qrimaldo: “Lionel Messi mənim uşaqlıq kumirimdir”

Almaniyanın “Bayer” klubunun sol cinah müdafiəçisi Alexandro Qrimaldo öz fikrincə, futbol tarixinin ən yaxşı oyunçusunu seçib.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Uşaqlıq kumirim Lionel Messidir. Fikrimcə, o, bütün dövrlərin ən yaxşı oyunçusudur. Bundan əlavə, mən “La Masia”da (“Barselona” futol akademiyası – redaktorun qeydi) böyümüşəm və onun əsas komandadakı oyununu diqqətlə izləmişəm”.

Alexandro Qrimaldo İspaniyanın “Barselona” klubunun yetirməsidir. O, “Bayer”ə 2023-cü ilin iyul ayında “Benfika”dan azad agent kimi gəlib.

Sol cinah müdafəçisi “Bayer”da indiyə qədər 34 oyuna çıxıb. İspan futbolçu bu görüşlərdə 11 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Qrimaldonun Almaniya klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Qrimaldo İspaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2023-cü ilin noyabr ayında əsas millidə debüt edib. Bu, müdafiəçinin sözügedən komandada hələlik yeganə oyunudur.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: