Alman Futbol İttifaqına qeyri-adi etiraz – Video

Almaniyada futbol azarkeşləri Alman Futbol İttifaqına (DFB) qarşı etiraz tədbirlərini müxtəlif üsullarla davam etdirirlər.

Arena.az məlumat verir ki, bu dəfə azarkeşlər Bundesliqa 2-nin 22-ci turu çərçivəsində keçirilmiş “Hansa” – “Hamburq” oyununda (2:2) etirazları ilə bağlı fəallıq nümayiş etdiriblər.

Azarkeşlər meydana tüstü bombacıqları yerləşdirilmiş radioidarəedilən kiçik oyuncaq avtomobillər göndəriblər. Nəticədə meydanı tüstü basıb. Stüardlar isə maşınları meydandan yığmaq üçün əldən-ayaqdan düşüblər.

Azarkeşlərin bu etiraz tədbiri Səudiyyə Ərəbistanından olan özəl sərmayəçilərin Alman Futbol İttifaqına gəlişi ilə əlaqədardır. Azarkeşlər DFB ilə sərmayə müqaviləsi üzrə klublar tərəfindən şəffaf səsvermə tələb edirlər. Futbol rəsmiləri dialoqa hazır olduqlarını bildirsələr də, azarkeş iğtişaşları davam edir.

Vurğulanır ki, etiraz səslərinin eşidilməyəcəyi və bu xüsusda müvafiq tədbirlər görülməyəcəyi halda, azarkeşlər yeni “hoqqa” vəd ediblər.