Futbol üzrə Almaniya Bundesliqasının 5-ci turunun “Auqsburq” – “Bayern” matçında çempionat tarixinin ən sürətli qolu qeydə alınıb.
Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.
Belə ki, “Ausburq”un futbolçusu Robin Fellhauzer Almaniya Bundesliqasının tarixində ən sürətli qola imza atıb. 27 yaşlı yarımmüdafiəçi Münhen “Bayern”i ilə ev oyununda cəmi 8-ci saniyədə fərqlənib.
Bununla da Fellhauzer Almaniya çempionatının rekordunu yeniləyib. Əvvəlki rekord Kərim Bellarabi və Kevin Vollanda məxsus idi. Hər iki futbolçu rəqib qapısına 9-cu saniyədə yol tapmışdı.
Bellarabi 2014-cü ildə “Bayer”in heyətində Dortmund “Borussiya”sına, Volland isə 2015-ci ildə “Hoffenhaym”ın formasında “Bayern”ə qarşı oyunda fərqlənmişdi.
Qeyd edək ki, Bundesliqa 1963-cü ildə yaradılıb.
“Auqsburq” – “Bayern” matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.


