Almaniya Futbol Liqası da Super Liqa ilə bağlı bəyanat yaydı

Almaniya Futbol Liqasının (DFL) mətbuat xidməti Avropa Məhkəməsinin Avropa Super Liqası və UEFA ilə bağlı qərarına dair bəyanat verib.

Arena.az xatırladır ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“Avropa Ədalət Məhkəməsi təsdiq edib ki, Avropa idman assosiasiyası piramidasından kənarda keçirilən digər yarışların təsdiqi meyarları şəffaf, obyektiv, ayrı-seçkiliyə yol verməyən və mütənasib olmalıdır – bu başa düşüləndir və gözləniləndir. UEFA və FIFA artıq yekunlaşdırılan meyarlarını nəzərdən keçirməli, lazım gəldikdə onları uyğunlaşdırıb qanuni şəkildə tətbiq etməlidir. Məhkəmənin mətbuat təqdimatında həmçinin aydınlıq gətirilib ki, qərar Super Liqa kimi bir yarışa mütləq icazə verilməli olduğu anlamına gəlmir. Super Liqanın qanuniliyi ayrı məsələdir.

DFL açıq şəkildə Avropa idman modelini dəstəkləyir və assosiasiyalar və liqalar tərəfindən təşkil edilməyən yarışları rədd edir. Qərarın tam mətni ilə tanış olan kimi daha ətraflı şərhlər verəcəyik”, – Almaniya Futbol Liqasının saytında yerləşdirilmiş rəsmi bəyanatda deyilir.

Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır. Hazırda Super Liqada cəmi iki iştirakçı var – “Real” və “Barselona”. Bu iki İspaniya nəhəngi Super Liqa ideyasının əsas mənbəyidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: