Almaniya yığmasını Fransa sınağına Rudi Föller çıxaracaq

Baş məşqçisiz qalan “bundestim”i Fransa yığmasına qarşı oyuna Almaniya yığmasının idman direktoru Rudi Föller çıxaracaq.

Arena.az Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidmətinə istinadən xəbər verir ki, Föllərə Haness Volf və Sandro Vaqner kömək edəcəklər.

Xatırladaq ki, bu gün, sentyabrın 10-da Almaniya Futbol İttifaqının icraiyyə komitəsinin iclasında Hans-Diter Flikin Almaniya yığmasının baş məşqçisi vəzifəsindən azad edilməsinə qərar verilib.

Şənbə günü, sentyabrın 9-da “bundestim” Yaponiya yığması ilə yoldaşlıq oyununda böyükhesablı biabırçı məğlubiyyətlə üzləşib – 1:4. Flikin rəhbərliyi altında Almaniya yığması son 17 oyunda cəmi 4 qələbə qazana bilib, Qətərdə keçirilmiş Dünya Kubokunda isə qrup mərhələsini adlaya bilməyib. Həmin dünya çempionatında da Almaniya yığması yaponlara 1:2 hesabı ilə məğlub olmuşdu.

Almaniya mətbuatının yazdığına görə, yığmanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd 36 yaşlı Yulian Nagelsmandır. Çərşənbə axşamı, sentyabrın 12-də Almaniya yığması AÇ-2024-ə hazırlıq çərçivəsində növbəti oyununu Fransa yığmasına qarşı keçirəcək.

Əlavə edək ki, Rudi Föller Almaniya yığmasını 2000-2004-cü illərdə çalışdırıb. Onun rəhbərliyi altında “bundestim” 2002-ci il dünya çempionatında gümüş medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: