Amil Yunanov Albaniya çempionatında debüt etdi

Azərbaycan millisinin hücumçusu Amil Yunanov bir neçə gün öncə müqavilə bağladığı Albaniyanın “Bilis” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ötən gecə Albaniya çempionatının 6-cı turu çərçivəsində “Vlajniya”nın qonağı olub.

“Bilis” bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Amil Yunanov bu oyuna start heyətdə başlayıb. O, debüt oyununda 71 dəqiqə oynadıqdan sonra, hesab 0:1 olarkən əvəzlənib.

Amilin komandası bu mövsüm keçirdiyi 6 oyunda 5 xal toplayıb və 10 iştirakçı arasında 9-cu sırada qərarlaşıb. “Vlajniya” isə 13 xala vahid liderdir.

Xatırladaq ki, 31 yaşlı forvard “Bilis”ə bir neçə gün öncə azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Amil Yunanov son mövsümü “Kəpəz”də keçirib. O, bu ilin yanvar ayında “Səbail”dən icarə əsasında Gəncə klubuna keçmişdi. 31 yaşlı forvard “Kəpəz”in heyətində 15 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: