Müqavilə ilə “Səbail”ə məxsus olan, bu qış fasiləsində “Kəpəz”ə üz tutan Amil Yunanov Gəncə klubuna keçidindən danışıb.
Arena.az xəbər verir ki, əvvəlki klubu “Səbail”də az oyun imkanı qazandığını bildirən hücumçu Gəncə təmsilçisində daha uğurlu olacağına inanır.
O, yeni klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Əvvəlki komandamda az oyun şansı əldə edirdim. “Kəpəz”də daha uğurlu çıxış edəcəyimə inanıram. Baş məşqçi Adil Şükürovun dəvəti ilə bura gəlmişəm. Əvvəlki formamdan daha yaxşı olmaq istəyirəm”.
30 yaşlı futbolçu yeni komandasında əlindən gələni edəcəyini söyləyib: “Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər. Bura gəldiyim üçün xoşbəxtəm. Burada yaxşı kollektiv var. Klub üçün faydalı olacağıma inanıram. Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Gəncəli azarkeşlərdən istəyim budur ki, bizə dəstək olsunlar”.
Yunanov digər hücumçularla rəqabət aparmağa hazır olduğunu vurğulayıb: “Hər bir futbolçu üçün rəqabət çox yaxşıdır. Rəqabətsizlik mühitində futbolçu rahatlaşır. Məşqlərdə, oyunlarda əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşüm”.
Qeyd edək ki, “Kəpəz” Yunanovu 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.
Amil Yunanov “Səbail”ə bu mövsümün əvvəlində “Şamaxı”dan ayrılaraq keçmişdi. O, mövsümün geridə qalan hissəsində 12 oyuna çıxıb. Cəmi 182 dəqiqə oynamaq şansı qazanmış hücumçu qol vura bilməyib.
Yunanov 2020-ci ilin sentyabrından 2021-ci ilin iyul ayına qədər də “Səbail”də forma geyinib. Onun paytaxt klubundakı karyerası bütövlükdə 34 oyun, 12 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Amil karyerası ərzində “Sumqayıt”, “Şamaxı” və “Qəbələ”də də çıxış edib. 30 yaşlı hücumçu Azərbaycan milli komandasında 5 oyun keçirib.


