Amil Yunanov “Kəpəz”də – Rəsmi

“Səbail”də əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu Amil Yunanov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar.

Xəbərdə bildirilir ki, “Kəpəz” Yunanovu 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.

Xatırladaq ki, Amil Yunanov “Səbail”ə bu mövsümün əvvəlində “Şamaxı”dan ayrılaraq keçmişdi. O, mövsümün geridə qalan hissəsində 12 oyuna çıxıb. Cəmi 182 dəqiqə oynamaq şansı qazanmış hücumçu qol vura bilməyib.

Yunanov 2020-ci ilin sentyabrından 2021-ci ilin iyul ayına qədər də “Səbail”də forma geyinib. Onun paytaxt klubundakı karyerası bütövlükdə 34 oyun, 12 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Amil karyerası ərzində “Sumqayıt”, “Şamaxı” və “Qəbələ”də də çıxış edib. 30 yaşlı hücumçu Azərbaycan milli komandasında 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: