Amin Seydiyev “Sabah”da 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la ev oyunu “Sabah”ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi paytaxt klubunun heyətində 100-cü oyununa çıxıb.

Bu münasibətlə ötən gecə baş tutan matçdan öncə müdafiəçiyə üzərində “100” yazılmış “Sabah” forması verilib. Seydiyevə xatirə formasını klubun idman direktoru İqor Ponomaryov təqdim edib.

“Sabah” Seydiyevin yubiley matçında “Sumqayıt”a 3:1 hesabıyla qalib gəlib. Bu, “bayquşlar”ın Premyer Liqada 7 oyundan sonra qazandığı ilk qələbədir. Avrokubokları da nəzərə alsaq, “Sabah” 8 oyun idi qələbə üzünü həsrət idi.

Xatırladaq ki, Amin Seydiyev “Qəbələ”nin yetirməsidir. Müdafiəçi 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 100 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Seydiyevin “Qəbələ” karyerası isə 39 oyun, 1 qol və 1 assistdən ibarətdir. O, Azərbaycan milli komandasının heyətində də 7 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: