Anatoli Nuriyev “Minay” ilə yeni müqavilə imzaladı

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Anatoli Nuriyev Ukraynanın “Minay” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 24 yaşlı futbolçu ilə yeni müqavilə barədə razılığa gəlindiyi diqqətə çatdırılıb. Nuriyevin növbəti mövsümdə də “Minay”ın uğurları üçün çalışacağı qeyd olunub.

“Minay” Nuriyevlə eyni vaxtda, komandanın müdafiəçisi Taras Sakivlə də yeni müqavilə imzalandığını açıqlayıb. Onun da növbəti mövsümdə komandada qalacağı bildirilib.

Qeyd edək ki, Nuriyev “Minay”da 2018-ci ildən çıxış edir. O, indiyə qədər bu komandanın heyətində 69 oyuna çıxıb, 34 qol vurub. Anatoli bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 8 qola imza atıb.

Taras Sakiv isə 2020-ci ilin sentyabrından “Minay”ın formasını geyinir.

Anatoli Nuriyev ilə yanaşı, “Minay”da daha bir azərbaycanlı futbolçu – Rüstəm Əhmədzadə də çıxış edir. Onların komandası bu mövsüm Ukrayna Premyer Liqasında 19 oyuna 15 xal toplayıb və 14 kollektiv arasında 13-cüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: