Andre Onana Kamerun yığmasına qayıtdı

İngiltərənin “Mançester Yunayted” klubunun və Kamerun yığmasının qapıçısı Andre Onana milli komandanın heyətinə qayıdıb.

Arena.az bu barədə Kamerun Futbol Federasiyasına (FECAFOOT) istinadən məlumat verir.

Onana Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Burundi yığmasına qarşı oyuna dəvət edilmiş heyətə daxil edilib.

Xatırladaq ki, Andre Onana ötən ilin noyabrında Kamerun yığmasının baş məşqçisi Riqober Sonqla 2022-ci il dünya çempionatında seçilmiş taktikaya görə mübahisə etmişdi.

Qapıçı dünya çempionatının sonunu gözləmədən komandanın düşərgəsini tərk etmiş və dekabrda yığma komandadan ayrıldığını açıqamışdı.

Cari yay transfer pəncərəsində Onana “İnter”dən “Mançester Yunayted”ə keçib. Kamerunlu qapıçı “qırmızı şeytanlar”ın heyətində 3 oyuna çıxıb, 4 qol “yeyib”, 1 oyundan “quru” qurtulub.

Onana 2016-cı ildə debüt etdiyi Kamerun yığmasının heyətində 34 oyun keçirib, 29 qol buraxıb, 14 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 27 yaşlı Andre Onananı 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: