Apellyasiya Arbitraj Tribunalı “Səbail”i üzən qərar qəbul etdi

AFFA Apellyasiya Arbitraj Tribunalı bu quruma ünvanlanmış üç şikayətlə bağlı 2023-cü ildə sonuncu iclasını keçirib və qərarlarını açıqlayıb.

Arena.az xəbər verir ki, şikayətlərdən biri “Səbail” və bu klubun sabiq futbolçusu Tural Bayramlı arasındakı kompensasiya tələbinə aiddir.

Beləliklə, Apellyasiya Arbitraj Tribunalı bu şikayəti qismət təmin edib:

  1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
  2. “İddiaçı Tural Bayramlının cavabdeh “Səbail” klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
  3. Cavabdeh “Səbail” Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.
  4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

“Baku Sportinq”in bir şikayəti qismət təmin edildi, digəri…

Apellyasiya Arbitraj Tribunalının digər iki qərarı “Baku Sportinq” klubu ilə bağlıdır:

  1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. U-13 Liqasında iştirak edən “Baku Sportinq” komandasının heyətində yer alan doqquz nömrəli futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (1-ci tur “Baku Sportinq” – “Zirə” PFK (2:1), 2-ci tur “Modern FC” – “Baku Sportinq” (1:5), 3-cü tur “Baku Sportinq” – “Fənər Bakı” (8:1), 4-cü tur EFA – “Baku Sportinq” (2:4), 5-ci tur “Baku Sportinq” – ROFM (0:0), 6-cı tur “Zəngəzur” FK – “Baku Sportinq” (2:1), 7-ci tur “Baku Sportinq” – “Xəzər Baku” (5:0), 8-ci tur “Neftçi” PFK – “Baku Sportinq” (2:2), 9-cu tur “Baku Sportinq” – “Xəzri Buzovna” (6:1) iştirak etdiyinə görə “Baku Sportinq” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı qüvvədə qalsın.

  1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
  2. 10.12.2023-cü il tarixdə U-17 Qızlar liqası çərçivəsində keçirilən “Sumqayıt” – “Baku Sportinq” oyununun 41-ci dəqiqəsində “Bakı Sportinq”in baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
  3. Baş məşqçi Aliyə Vəliyevaya təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilsin.
  4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 24 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
  5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: