“Neftçi”nin qapıçısı Aqil Məmmədov “Matç TV” kuboku çərçivəsində keçirilən “Zenit”lə oyunun (1:3) son dəqiqələrində huşunu itirib.
Arena.az xəbər verir ki, hadisə onun rəqib komandanın yarımmüdafiəçisi Vladislav Sausla toqquşması zamanı baş verib.
Əvvəlcə qapıçıya meydanda yardım göstərilib. Daha sonra futbolçu təcili olaraq xərəkdə meydandan çıxarılıb və xəstəxanaya aparılıb.
“Neftçi”nin məşqçisi İqor Getman matçdan sonra baş tutan mətbuat konfransında qolkiperin son durumu ilə bağlı bunları söyləyib: “Aqil Məmmədov özünə gəlib. Hazırda xəstəxanadadır. Tomoqrafiyadan keçəcək. Amma həkimlər ciddi bir şey olmadığını bildiriblər”.
Xatırladaq ki, “Neftçi”nin məşqçiləri “Zenit”lə oyunun start heyətində İvan Brkiçə şans vermişdilər. Aqil Məmmədov isə 60-cı dəqiqədə Brkiçin əvəzində meydana buraxılmışdı. Matçın 90+1-ci dəqiqəsində baş verən hadisədən sonra Aqilin əvəzində yenidən Brkiç meydana qayıdıb.
“Neftçi” “Matç TV” kubokunda daha iki oyun keçirəcək. Flaqman iyulun 8-də Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, ayın 15-də isə saat 15:00-da Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşacaq. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


