Premyer Liqanın 5-ci turunun “Kəpəz”lə oyunundan sonra 3 gün istirahət edən “Araz-Naxçıvan” futbolçuları bu gündən məşqləri bərpa ediblər.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan 90 dəqiqəlik çalışma daha çox fiziki hazırlıqla bağlı təmrinlərin yerinə yetirilməsinə həsr olunub.
Gəncədəki qarşılaşmada yüngül zədələnən Turan Manafov, icazəli olan Numan Kurdiçlə İsmail Azzaui, eləcə də U-21-in düşərgəsində olan Abdulla Rzayev və Mirəli Əhmədov kollektivlə birgə hazırlığa qatılmayıb.
Bu gün Qəbələyə yollanacaq “Araz-Naxçıvan” sabah iki məşq keçəcək. Komanda ayın 11-nə qədər məşqlərini Qəbələdə davam etdirəcək. Hazırlıq çərçivəsində Naxçıvan təmsilçisi sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu da keçirəcək.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv fasilədən sonrakı ilk matçını Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcək. Bu qarşılaşma sentyabrın 16-da “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.
Yeri gəlmişkən, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” də yoxlama oyunu keçirəcək. Əvəzedicilər sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək. “ASK Arena”da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.
Xatırladaq ki, Zaur İsmayılovun baş məşqçisi olduğu bu komanda Əvəzedicilər Liqasında 5 oyundan sonra 6 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Naxçıvan klubunun əvəzediciləri də fasilədən sonrakı ilk matçında məhz “Neftçi-2” ilə üz-üzə gələcək.


