Bolqarıstanın “Arda” komandası 2023/2024 mövsümünə hazırlıq çərçivəsində daha bir yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi bu komanda Sofiya “Lokomotiv”i ilə üz-üzə gəlib.
Altı qolun qeydə alındığı qarşılaşma “Arda”nın 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Cəlal Hüseynov bu görüşün iştirakçısı olmayıb. Məşqçilər korpusu əvvəlki sınaq matçlarında start heyətdə meydana buraxdıqları müdafiəçiyə bu dəfə istirahət imkanı yaradıblar.
Xatırladaq ki, “Arda” yeni mövsümün hazırlığına iyunun 19-dan etibarən start verib. Hüseynov isə yeni komandasının toplanışına ayın 20-dən etibarən qoşulub. O, bir neçə gün öncə baş tutan “Maritsa” ilə sınaq matçında (3:1) yeni komandasında debüt də etmişdi. Onun iştirakçısı olduğu digər oyun – ÇSKA 1948 ilə görüşdə isə qalib müəyyənləşməmişdi – 1:1.
Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib.


