Arda Turan karyerasını başa vurdu

Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray”ın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, “Arda Turanın vidası” adlı video yayımlayıb. Arda bu sözlərlə vidalaşıb:

“Artıq göz yaşları içərisində, amma cəsarətlə butsları asmaq vaxtıdır. Bütün yolçuluğum boyunca əlimdən gəldiyi qədər ən yaxşısını etməyə çalışdım. Və məncə, pis də bacarmadım. Yenidən hazıram. Futbolun içində, amma meydanın kənarında yenidən görüşənə qədər…”

Xatırladaq ki, Arda Turan “Qalatasaray”ın yetirməsidir. O, 2005-ci ildən 2011-ci ilə qədər bu klubun əsas komandasında 197 oyuna çıxıb, 45 qol vurub. 2006-cı ildə bir müddət “Manisaspor”da icarədə də olmuş futbolçu, 2011-ci ildə İspaniyanın “Atletiko” klubuna transfer olunub. Hücumameyilli yarımmüdafiəçi Madrid təmsilçisində 178 oyuna çıxıb, 22 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

2015-ci ildə isə Ardanı İspaniyanın digər nəhəngi “Barselona” öz heyətinə qatıb. Türkiyə millisinin üzvü Kataloniya klubunda 55 oyun keçirib, 15 qol və 11 məhsuldar ötürmə müəllifi olub. 2018-ci ildə “Barselona”da heyətə düşməkdə çətinlik çəkdiyini görən futbolçu ölkəsinə qayıtmağa qərar verib. O, 2020-ci ilə qədər İstanbulun digər təmsilçisi “Başakşəhər”də forma geyinib. Tez-tez zədələrlə üzləşən oyunçu, bu komandada cəmi 39 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

2020-ci ildə “Barselona” ilə müqaviləsini ləğv edən Arda, yenidən ona doğma olan “Qalatasaray”a qayıdıb. Lakin iki mövsüm ərzində 46 oyuna çıxan futbolçu, cəmi 4 qol vura bilib. Ardanın “Qalatasaray” karyerası bütövlükdə 237 oyundan, eləcə də 59 qol və 66 məhsuldar ötürmədən ibarətdir. O, Türkiyə yığmasında 100 oyun keçirib və 17 qola imza atıb.