Argentina – Nigeriya oyunu Messi qalmaqalına görə ləğv edildi

Hançjou İdman Komitəsi futbol üzrə Argentina və Nigeriya yığmaları arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

Arena.az bu barədə komitənin rəsmi məlumat yaydığını xəbər verir:

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, – rəsmi məlumatda bildirilir.

Vurğulayaq ki, “məlum səbəblər” altında təşkilatçılar Honkonqda “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi ilə bağlı münaqişəli vəziyyəti nəzərdə tutublar. “Honkonq XI” yığması ilə oyunda ən azı 45 dəqiqə oynamalı olan “Leo” zədə səbəbindən oyunda iştirak etməyib. Amma bir neçə gün sonra Messi Yaponiyadakı yoldaşlıq oyununda meydana çıxıb. Üstəlik argentinalı ulduz Honkonq yığmasının oyunçuları və yerli azarkeşlərlə ünsiyyətdən yayınıb. Çin və Honkonq rəsmiləri argentinalı ulduzun bu davranışı hörmətsizlik olaraq qəbul ediblər.

Xatırladaq ki, Argentina və Nigeriya yığmaları arasında oyun martın ikinci yarısında Çində baş tutmalı idi. Hazırkı dünya çempionlarının Kot-d’İvuarla oyunu da nəzərdə tutulub. Hələlik bu oyunun aqibəti haqqında məlumat yoxdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: