Futbol üzrə Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov Bolqarıstana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, yığmamız “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Bolqarıstan millisini qəbul edəcək.
Əsədov bu gün matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyunda bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Bu rəqib hardasa UEFA Millətlər Liqasında qarşılaşdığımız komandalarla bərabər gücdədir. Yaxşı sınaq olacaq. Sabahkı matçda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacaq. Komandada atmosfer yaxşıdır. Yenə yaxşı oynayıb, qalib gəlməyə çalışacağıq. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü və zəif tərəflərini başa salmışıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq. Öz oyunumuzu göstərməyə çalışacağıq. Müsbət emosiyalarımız var. Ayın 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, alınsa, istədiyimizi edə biləcəyik”.
Arif Əsədov məşqçi kimi özünü sübut etmək istəyindən də söz açıb:
“Mən o barədə düşünmürəm. Millidəyəmsə, öz işimi görürəm və ona uyğun təcrübəmdən istifadə edirəm. Bu oyunlarda yaxşı nəticə əldə etmək istəyirəm. Mənim üçün vacib olan odur ki, yerli məşqçiləri layiqincə təmsil edim. Uğurlu nəticə qazanmağımızı istəyirəm ki, bizim də yaxşı yerli məşqçilərimiz olduğunu görsünlər”.
Millinin çalışdırıcısı sabah qapıda Rza Cəfərova yox, Şahruddin Məhəmmədəliyevə şans verəcəyini açıqlayıb:
“Sabahkı matçda Şahruddini düşünürük. Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstriya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördü”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan matçına saat 20:00-da start veriləcək.


